Zoomorf (quş, heyvan) ornamentləri

Azərbaycan ornament sənətində zoomorf ornament sənətinin tarixi çox qədim zamanlara gedib çatır. Bu ornamentlər Naxçıvandakı Gəmiqaya və Kəlbəcərin bir çox dağlıq kəndlərində yer tutmaqdadır. Bunlara e.ə VI-IV minilliklər Kəlbəcər rayonunun qayaüstü rəsmlərində, həmçinin Zəngəzur və Göyəm dağlarında, Qobustan petroqriflərində görmək olar. Qayaüstü təsvirlərində 1000-dən artıq heyvan rəsmlərinə təsadüf etmək mümkündür. Qazıntılar zamanı aşkar edilən keramika məmulatları üzərində də bu təsvirlər yer tuturlar. Burada maral, ilan, keçi, it, at təsvirlərini görmək olar. Təbii ki, bu təsvirlər stilizə olunmuş uşaq rəsmlərini xatırladan rəsmlərə çox bənzəyir və qrafik üslubda verilmişdir. İtlərin çox zaman quyruqları burulmuş, maral və keçi təsvirlərində isə buynuz burulmuş şəkildə aydın görünür. O ki qaldı Qobustan qaya rəsmlərinə, bu rəsmlərdə kollektiv ov səhnəsi ayrı-ayrı heyvanlarla insanlar arasında əlaqə daha aydın görsənir. Bu rəsmlərdə heyvan rəsmləri ilə bərabər quş, ilan, tısbağa rəsmlərinə də təsadüf etmək olur. (mənbə: Nəcəf Müseyibli “Gəmiqaya”)

Tunc dövründə Xocalı, Gədəbəy və Mingəçevir şəhərlərində tapılan iri küplər öz formasına görə də diqqəti cəlb edir. Bu zaman artıq Qobustan sakinləri qaya divarlarında yeni-yeni rəsmlər çəkməklə o dövr həyat şəraitləri və yaradıcılıqları ilə bizi tanış etmişlər.

E.ə. IV əsrdən b.e. VII əsrinə qədər  Qafqaz Albaniyası dövlətinin yaranması Azərbaycan incəsənətinin ən zəngin və möhtəşəm dövrlərindən biri sayılır. Bu baxımdan VII-IX-cu əsrlərdə daha çox heyvan üslublu məişət qabları gündəlik həyatda istifadə üçün yaranmışdır. Onların üzərindəki ilk naxış formaları quş və heyvan təsvirləri ilə yanaşı, məişət qablarının tam rahatlıq üçün oturmaq və əl ilə tutmaq üçün nəzərdə tutulmuş elementləri də özündə əks etdirir. Bu da sənətin püxtələşməsini bir daha sübut edir.

Mütləq qeyd etmək lazımdır ki, Azərbaycan ərazisində Qobustan qaya rəsmlərindən əlavə, Naxçıvanın Gəmi-Qaya və Kəlbəcərin daş divar rəsmləri də xüsusi əhəmiyyət kəsb edir. İnsan rəsmlərinin müxtəlif formalarda, məsələn, qaçış, hoppanma və rəqs etmə kimi qrafik təsvirlərindəki özünəməxsusluğu diqqət çəkir. 

Beləliklə, incəsənətdə ornament sənətinin inkişafı uzun bir yol keçmişdir. Yerli sakinlər öz yaşayışlarını təmin etmək üçün metal, keramika, daş, kərpic və s. materiallardan istifadə edərək gözəl sənət əsərləri yaratmış və bu əsərlər dünyanın müxtəlif muzeylərində yer tapmışdır. 

Artıq tunc dövründən dəmir dövrünə keçid baş verir. E.ə. I minilliyin əvvəllərinə aid Muğanın Uzuntəpə rayonunda tapılan dəmir uclu, tunc saplı silahlar, tuncdan hazırlanmış digər əşyalar və yerli materiallardan hazırlanan dəmir əşyalar bu dövrün əsas xüsusiyyətlərindəndir. Eyni zamanda üzərində qırmızı rəngli keramika olan və ağız hissəsi ördəyə bənzəyən qabların yaranması diqqəti cəlb edir. İlk naxışlar yaranır. Su qabları dairəvi olub, üzərində çəkilən qara qrafik xətlər və onların içində rombik elementlər mövcud olmuşdur.