Xətailər

Xətai-islimi kimi yarpağın stilizə edilmiş, islamın və sufizmin mənəvi düşüncə formasından keçmiş yarpaq növüdür. Bu element də nəbati mənşəlidir. Başqa sözlə o, islimidən törəmişdir. Lakin islimidən fərqli olaraq o, daha mürəkkəb formaya malikdir.    

Xətai yarpağı, gülü, quşu, buynuzu və budağı xatırladır.  Konturları aydın kənar xətt formasından ibarət olan  islimidən fərqli olan “xətailərin” kənarlarının kontur xəttləri ziq-zaqvari, dişli, yaxud, sanki büzüşmüş formada olması ilə səciyyələnir. Ona görə də bu element çox dəbdəbəli təsir bağışlayır. Belə təsəvvür yaranır ki, elementin kənarları nazik torla örtülmüşdür. Bir qayda olaraq bu elementin daxili səthi bütövlüklə elementin formasına daxil olaraq qollara ayrılmış xətt üzrə yerləşən gül motivləri, yarpaqlar, quş təsvirləri ilə bəzədilir. Xətai islimi kimi ornamental işləmələrdə müstəqil şəkildə iştirak etmir.

Bu element bir dəfəyə özü kimi elementlərlə hər üç istiqamətdə birləşə bilir. Bu da onun müxtəlif  kompozisiyaların yaradılması sahəsində fəallığı ilə fərqlənir. Halbuki, islimi haqqında bunu demək olmaz. Budağın qaçış ştrixini sona çatdıran və müşahidə edən islimidə belə bir xüsusiyyət yoxdur. Beləliklə xətainin işlənib hazırlanmasında əsrlər boyu ən təcrübəli rəssamlar cəlb edilmişlər. Çünki “xətai” çəkmək bacarığı böyük sənətkarlıq tələb edirdi.

Orta əsrlərdə xətai elementini çəkməkdə seçilən virtuoz rəssamlar yarışmağa cəhd göstərirdilər. Bu sahədə böyük müvəffəqiyyət qazanan rəssam “xətaiçi” adlandırılırdı. XVI əsrin şairi Əssar Təbrizi yazırdı:

Və onun fırçası möcüzə yaratmaq qərarına gələrkən 
O, xətai naxışını çəkdi.

Təbriz miniatürçü rəssam, Mir Seyidəli “xətai” üzrə mahir sənətkar idi. “Xətai” elementinin ən erkən elementləri XII-XIV əsrlərdə Qarabağın “Əjdahalı və çələbi”, Qubanın “Qollu-çiçi” xalçalarında özünə yer tapmışdır. Bu elementin məna və rəmzinə gəldikdə isə qeyd etməliyik ki, “Xətai”  Şah İsmayılın Səfəvi sülaləsinin ilk hökümdarının poetik ləqəbi olmuşdur. 

İran tarixçisi Sənan Şah İsmayılın tərcümeyi- halına toxunarkən qeyd edir ki, o, Ərdəbildə yaşayan “Xətaylı” bəylərinin ailəsindəndir. Öz tayfasının adını təxəllüs götürmüşdür. “Xətailər” Azərbaycanda hələ Səlcukların gəlməsindən əvvəl yaşamışlar. Bu fakt da maraqlıdır ki, 15 min “Xətaylılar” bu günə kimi hələ də Ərdəbilin özündə yaşayırlar. Beləliklə, naxışların adı “Xətaylılar”ın adı ilə bağlıdır. Xətai eyni zamanda uçan “qutan” quşunun rəmzi olub. Əksər hallarda naxışın forması uçan quşun qanadlarının stlizə olunmuş halını xatırladır. Sonralar İslam incəsənətində sufi xətai ilahi gözəlliyin rəmzi mənasını daşımağa başlayır. “Xətailər” bir qayda olaraq orta əsr incəsənətinin bir çox saray xalçalarının ara sahə və haşiyyə zolaqlarında geniş tətbiq edilmişdir.