Vaq Təsvirli ornament motivləri

Bu elementin yaranma tarixi çox maraqlıdır. İnsanlar kiçik həşaratları tutub yeyən bitkilərin mövcud olduğunu çoxdan bilirdilər. Bu gün yırtıcı bitkilər elmə yaxşı məlumdur və onlar ətraflı tədqiq olunmuşdur. Lakin əcdadlarımız üçün onlar bir növ sirr idi və onlara dair çox fantastik inanclar mövcud idi. “Vaq” adlı ağacının meyvələri, deyilənə görə, adam və heyvan sifətinə oxşar olub, hətta sözlər tələffüz edə bilirmiş. Makedoniyalı İskəndərin Hindistana yürüşü təsvir edilərkən, onlar “Vaq-vaq” adasında olmuşlar. Burada isə həmin ağaclar bitirdi. Onların meyvələri öz aralarında “vaq-vaq” deyib danışırdılar.  

İnsanlar qan içən bitkiləri böyüdərək onlara münasib görkəm verməyə çalışırdılar. Budaqların üstündə heyvan başlı bitki rəsmləri meydana çıxmağa başladı. Bir qayda olaraq bu yırtıcı heyvan başları şirlər, canavarlar idilər. 

Bununla yanaşı, budaqların başında  buynuzları olan maral, fil, keçi və bəzən adam başlarına da təsadüf edilirdi. Məlumata görə şaxələri müxtəlif insan və heyvan başları olan ağac, yaxınlaşan hər bir kəsi tutub özünə tərəf çəkib, onu sıxıb öldürərək qanı ilə qidalanarmış. XIII-XV əsrlərdən başlayaraq bu ağacların təsvirləri Təbriz rəssam və nəqqaşları tərəfindən incəsənət əsərlərində tətbiq edilirdi.

“Vaq-vaq”ın təsvirlərinə təkcə parça, xalça və miniatürlərdə deyil, həm də Bakıdakı Bayıl Qəsrinin XIII əsrə aid qala divarlarında da rast gəlinir. Şirvanşahlar tərəfindən tikilmiş qala divarları ilə əhatə olunmuş malikanənin Xəzərin sularına qərq olması haqqında Arif Ərdəbili 1369-cu ildə yazdığı “Fərhadnamə” poemasında gördüklərini belə qələmə almışdı: “Bakıda dənizdə bir qala var ki, Yeni şəhər qalasını orada su basmışdır”. Bu misralarda şairin Bayıl qəsrindən bəhs etməsi şübhə doğurmur. Arif Ərdəbili Bayıl qalasını tikinti başa çatdıqdan bir əsr sonra görmüşdü və təbiidir ki, o, hələ el yaddaşlarında “yeni şəhər qalası” kimi qalırdı. Bu deyim, həm də Bayıl qəsrinin şəhər qalası olmasını, yəni Bakının müdafiə sisteminə daxil edilməsini bir daha təsdiq edir. Çünki Xəzər dənizinin suyu o vaxtlar çəkilmişdi. 1940, 1945 və 1946-cı illərdə aparılan qazıntılardan məlum olur ki, qalanın dağılması müharibə ilə bağlı olub. Üçüncü mərhələdə isə 60-cı illərdə aparılan sualtı axtarışlardan qalanın divar tikintilərindən  700-ə yaxın yazılı daş aşkar edilib. Bu daşlarda haqqında söhbət gedən “vaq-vaq”ların təsvirlərinə də rast gəlmək olur.

Burada vaqların insan və heyvan təsviri yer alıb. Vaq təsvirli həmin daşlar hazırda Şirvanşahlar Muzeyində saxlanılır.