Spiral ornamentlər
Spiral ornamentləri dünyanın müxtəlif mədəniyyətlərində mühüm rola və dərin mənalara sahib olmuşdur. Bu simvol, çox geniş və müxtəlif bir tarixə malikdir və dünyanın bir çox qədim mədəniyyətlərində geniş istifadə olunmuşdur. Spiral, adətən dövrü təbiəti, həyatın təkrarlanan dövrlərini və kainatın dinamik, sonsuz hərəkətini təmsil edir.
Spiral və Təbiət: Spiral formaları, təbiətdə tez-tez rast gəlinir. Məsələn, qurumuş formalı bitkilər (bambuk, sarmaşıqar). Ulduzlar və qalaktikalar isə spiral formasını daşıyır. Bu təbiət təkrarlanma, inkişaf və dəyişmə ilə bağlıdır. Spirallar bu səbəbdən təbiətin və həyatın təkrarlanan, sonsuz və dövrü təbiətini simvollaşdıran bir formadır. Spiral simvolu, zamanın dövrünü, başlanğıcı və sonu olmayan bir axını təmsil edir. Bu, həmçinin həyatın təkrarlanan dövrlərini və kosmosun davamlı axışını göstərir. Spirallar, insanın öz daxili aləminə, intellektual inkişafına və özünü kəşf etməyə olan səyini təmsil edə bilər. Spiral, enerji axışını simvollaşdıran bir motivdir. Dövrü hərəkət, enerji axını və həyatın təbiətindəki ritmini ifadə edir.
Spirallar qədim mədəniyyətlərdə, xüsusilə hind, qədim Misir, Yunan və Meksika mədəniyyətlərində dini və ruhani mənalar daşıyırdı. Spirallar kosmosun, kainatın və tanrıların birləşməsi, dövrü təbiətin simvolu olaraq qəbul edilirdi. Spiral ornamentlər dünyanın müxtəlif mədəniyyətlərində müxtəlif formalarda istifadə olunmuşdur. Yunan və Roma memarlığında spiral naxışlar, xüsusilə məbədlərdə və heykəllərdə bəzək kimi geniş istifadə olunmuşdur. Meksikada və And dağlarında tapılan qədim sivilizasiyalar, spiral formalarını öz sənətində və mədəniyyətində istifadə ediblər. Məsələn, İnka mədəniyyətində spirallar çox mühüm simvollar idi. Hindistanın qədim təsvirlərində spiral ornamentləri həyatın dövrünü, zamanın keçişini və kosmosla əlaqəni ifadə etmək üçün istifadə olunub. Misir mədəniyyətində spiral simvolları həyatın təkrarlanan dövrünə və ruhani birliyinə işarə edirdi. Spiral, bəzi mədəniyyətlərdə insanlar üçün mürəkkəb və dərin psixoloji mənalara malikdir. Spiralin enerjinin və kosmosun daim hərəkətdə olduğu bir element olduğunu göstərən bir simvol kimi qəbul edilməsi, insanın həyatdakı səyini və məqsədini təmsil edir.
Spiral rəsmi Azərbaycan ornament sənətində XV-XVII əsrlərdən başlayaraq, peşəkar rəssamlar tərəfindən incəsənətin müxtəlif sahələrində geniş tətbiq edilmişdir. Rəssamlar bu ornamenti memarlıq, keramika, qadın bəzək əşyaları, bədii metal üzərində yerləşdirərək yeni kompozisiyalar yaratmışlar. Nəbati naxışları, o cümlədən saysız-hesabsız gül-çiçək və yarpaqları spirallar boyunca yerləşdirərək onlara xüsusi bir dinamik görkəm verməyə nail olmuşlar.
Spiral motivləri çox qədim dövrlərdən dağ keçisinin buynuzlarında təsvir olunmuş buruq və ya qaçan spiral görüntüsündə mövcud idi. Spiral forması ümumiyyətlə günəşin rəsmi kimi də geniş yayılmışdır. Hətta Nizami Gəncəvinin “Yeddi Gözəl” poemasında da Spiral motivi peşəkar memar Simnarın obrazında yer almışdır.
Poemanın qəhrəmanı, Şah Neman öz oğlu Bəhrama qülləli qəsr tikdirmək istəyirmiş. Bunun üçün məşhur usta tapılır ki, onun da adı Simnar imiş. O, nəinki gözəl memar, həm də çoxlu şagirdlər yetişdirmiş rəssam və ornamentalist imiş. Bu haqda XX əsrdə yaşamış məşhur alim və rəssam Lətif Kərimov öz məqalələrində belə yazmışdır ki, “Simnar” fars dilində “otuz ilan” deməkdir. Rəssam Simnarın, Şah Nemanın oğlu üçün tikdiyi qəsr spiral formasında olduğu üçün onu məhz bu ustaya tikdirmişlər. Bu usta spiral naxışlarını o qədər gözəl düzürdü ki, onlar sanki bir-birinə hörülmüş otuz ilana bənzəyirdi.
Təkrarsız dekorativ üstünlüyə malik olan spiral motivi hələ o dövrdəuyğunlaşırmış. Göy qübbəsi anlayışını özündə əks etdirirmiş. Spiralın əsl mənası XI əsrdə incəsənətin bütün növlərinə təsir göstərən Sufi təfəkkürləri ilə əlaqədardır. Spiral əslində, İlahini dərk etməyi əks etdirən göydəki ulduzların hərəkəti kimi qiymətləndirilə bilər. Başqa sözlə, spiral formalı naxışın yaranması müəyyən nöqtə ətrafında dövr edən dərvişlərin rəqsi ilə əlaqədardır. Qeyd etməliyik ki, dairəvi hərəkət Zərdüştçülük dövründəki dini mərasimlərdə istifadə edilirmiş. Ulduzlar günəşin ətrafında dövr etdiyi kimi, Sufi dərvişləri də dayanmadan fırlanırdılar. Qeyd etmək lazımdır ki, spiralvari rəqs mərasimi qədim Misirdə, Hindistanda, Yəhudilər və qədim Yunanlarda da mövcud imiş. Mövlana Cəlaləddin Rumi deyir: “Allaha doğru aparan yollar çoxdur, amma mən musiqini və rəqsi seçdim.”
Beləliklə, Azərbaycan incəsənətində spiral rəsmi mistik mənaya malik olmuş və onun mahiyyəti Allahı dərk etmək məqsədilə icra edilən hərəkətlə bağlıdır. Spiral motivinin özü kimi dərviş rəqsləri də öz mənşəyinə görə məhz Təbrizlə bağlıdır. “Səma” adlanan rəqslər, hətta Qazan xanın vaxtında Azərbaycanda saray məclislərində də ifa edilirdi. Sonralar Şəms Təbrizinin Konyaya gedib Mövlana ilə tanışlığından sonra Mövlana sufiliyi qəbul edir və bu günə qədər “Bəktaşilər” səma, meditasiya rəqsini davam etdirirlər.
Beləliklə, spiral naxışları Orta əsr Təbriz xalçalarında, memarlıqda və bədii metal sənətində geniş tətbiq edilir. O, öz üzərində müxtəlif formalı nəbati naxışları, o cümlədən gül, çiçək, islimi bəzəkləri, xətai və s. daşıyan bir kompozisiya rolunu oynayır.



