“S” Formalı Elementlər

“S” formalı elementlər Azərbaycanda çox geniş yayılmış naxış elementləridir. Sadə xalq arasında su, axan su, əjdahanın rəmzidir. Məlum olduğu kimi Tibet pantionunda əjdaha rəhmdil Allah, yağış hökmdarıdır. Türklər əjdaha ilində bol yağış gözləyir. Orta Asiya ornamentində ziqzaq formalı xətlər ildırım çaxmasını göstərir. Zərdüştlükdə əjdaha Əhrimanın, yəni şər qüvvəsinin təcəssümü hesab edilir. Çin incəsənətində də əjdaha əsas motiv olaraq işlədilib, göylərin və suların hamisi hesab edilir. 

Azərbaycana gəlincə isə əjdaha təsvirinin iki simvolik mənası vardır. Qoyunçuluqla məşğul olan tərəkəmələr arasında onun təsviri suyun, bərəkətin simvoludur. Onlar toxuduqları “vərni” adlı xovsuz xalçalarda “S” formalı əjdaha rəsmini toxuyaraq alaçıqdan asırlar və onu heç vaxt satmırlar, çünki əjdaha rəsmi bərəkətin simvolu olub, evi və evdəki insanları şər qüvvədən qoruyur. Halbuki yuxarıda qeyd etdiyimiz kimi Zərdüştlükdə o sülhsevər xeyir qüvvəsi olan “Ahura-mazdaya”, “Əhrimana” qarşı durur.