Ovçuluq

Orta əsr incəsənətində, istər miniatürlər, xalçalar, istərsə də bədii metal qabların üzərində ov səhnələrini göstərən fiqurlar tez-tez öz əksini tapır. Bu fiqurların geyim tərzi, onların orta əsr Səfəvi dövrü geyimləri olduğunu bir daha sübuta yetirir ki, həmin süjetlər məhz Azərbaycana aiddir. XVI-XVII əsrə aid Azərbaycanın miniatür rəssamları durmadan bu mövzuya müraciət edirdilər. Bu baxımdan, Soltan Məhəmmədin iki hissədən ibarət olan “Şah ovu” əsəri diqqəti cəlb edir. Bu əsər əsasən Caminin “Silsilat-uz-Zahab” əsərindən götürülərək işlənmişdir.

 Ümumiyyətlə, o dövrdə, XVI-XVII-ci əsrlərdə saray əhli, başda şah olmaqla, zaman-zaman meşəyə gedərək ov vurmağa çıxırdılar. Ovun quruluş məzmununa görə, şah özünə qurulmuş çadırda oturub gözləyirdi, o zamana qədər ki, saray əhlindəki cavanlar meşədəki bütün heyvanları qova-qova onun önünə gətirsinlər. Bundan sonra şah ayağa duraraq heyvanlardan bir-ikisini öldürərdi. Lakin bu ov səhnəsində iştirak edən adi personajların ov vurmağa ixtiyarı olmadığından, heyvanlar onlara zərər verib, onları öldürə bilərdi. Bu növ əsərlərdə, xüsusən də Soltan Məhəmmədin “Şah ovu” miniatürünün II hissəsi maraq doğurur. 

 XVI əsrdəki “Şah ovu” əsəri göstərilən ən nadir sənət əsərlərindən biri hesab edilə bilər. Miniatürdə qayalar üzərində, dəvənin üzərindəki kəcavədə oturub həmin bu səhnəni seyr edən şahzadənin, o cümlədən qayalığın üstündə atın ot yediyinin diqqətdən qaçması mümkün deyil. Ümumiyyətlə, şah ovu çox mürəkkəb bir proses olub. Bu, ovu təşkil edən kişilərin ümumi psixoloji vəziyyəti, həmin bu insanların əhatəsində sağa-sola qaçan cüyür, ceyran və onların üstünə atlanan pələng, çaqqal, tülkü və s. ov prosesinin nə qədər mürəkkəb olduğunu göstərir. 

İki hissədən ibarət olan bu miniatürün müəllifi Soltan Məhəmməd ustalıqla təlaşdan qışqırıb qaçan bu heyvanları, ayrı-ayrı personajların fərqli hərəkətlərini, qaçışlarını, oturmaq, əllərini yuxarı qaldırmış Səfəvi gənclərinin bir-birindən fərqli qırmızı, yaşıl, çəhrayı üst köynəklərini, başlarındakı qırmızı lələkli ağ papağlarını və üzlərini, onların psixoloji üz ifadələrini ustalıqla, dahiyanə şəkildə əks etdirmişdir. 

 Soltan Məhəmmədin “Şah ovu” miniatürü Sankt-Peterburq Milli Kitabxanasında saxlanılır. Digər maraqlı bir şah ovuna həsr edilmiş miniatür əsəri isə Filadelfiya Muzeyində saxlanır. Bu əsər Nizami Gəncəvinin “İskəndərnamə” poemasına həsr edilmişdir. Əsər öz ölçüsünə görə o qədər də böyük deyildir, lakin XVI əsr Təbriz rəssamlarının ov səhnəsinin necə real əks etdirildiyini aydınlıqla göstərə bilmişdir. Təbiətin gözəlliyi, atların şahın ayaqları ilə atlanması, İskəndərin ustalıqla ox atma anı, atların üzərindəki ipək örtüklər və şah geyimləri ilə xüsusi olaraq ön planda verilərək həqiqətən də reallığı ilə göz oxşayır. 

 Miniatürdən əlavə, dünyada öz böyük ölçüsünə, kompozisiyasının mürəkkəbliyinə görə seçilən, Təbrizdə toxunmuş “Ovçuluq xalısı” da diqqəti cəlb edir. Xalının səthi bəzəyi “ləçək-türünc” kompozisiyası əsasında toxunmuşdur. Mərkəzdə böyük bir medalyon yerləşir. Medalyonun dörc küncündə təkrarlanan motivlər vardır. İstər medalyonun səthi, istərsə də xalının ara sahəsi bir-birindən fərqli kiçik, orta, böyük ölçülü, saysız-hesabsız gül-çiçəklərə bəzədilmişdir. Diqqətlə baxdıqda, bu gül-çiçəklərin incə budaqlarda yerləşdiyini görmək mümkündür. Həmçinin bu sahədə atlı ovçular, ovçu rəsmləri vəhşi heyvan təsvirlərinin güclü hərəkət prosesi əks etdirilmişdir. Heyvanlar qaçır, at üzərində ovçular isə onları izləyir. Bütün ovçu təsvirləri simmetrik olaraq xalının səthində yerləşdirilmişdir. Tayı bərabəri olmayan uzunluğu 6m, eni 4m-ə yaxın olan Təbrizdə toxunmuş bu xalı Milanda Poldi-Pezzoli Muzeyində saxlanıldığı bildirilir.

 Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, zaman keçdikcə Azərbaycanda dünyanın digər ölkələrində olduğu kimi, müharibələr baş vermiş və bir-birindən fərqli dövlətlərin hücumları nəticəsində Səlcuqlar, Ağqoyunlular, Qaraqoyunlular, Teymurilər, İran, Türkiyə, Rusiya kimi ölkələrlə yanaşı, Azərbaycan da fərqli dini dünya görüşlərinə məruz qalmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycanda elə bir mühit olmuşdur ki, burada daim kənd əhli, tərəkəmələr, dağlarda və mağaralarda yaşayan müxtəlif türk tayfaları ilə bərabər, ən qədim dinlərdən olan Manna, Midiya, Atropatena və Azərbaycanda yaranmış Zərdüştlük dünya görüşü mövcud olmuşdur. Bu günə qədər də davam edən bu dinin əsas mahiyyəti “Haqq fikir, haqq söz və haqq əməl” olmuş və daim xeyir ilə şərin mübarizəsini özündə əks etdirmişdir. 

 Hindistandan köçüb gəlmiş, e.ə. IX əsrə aid tayfalar özləri üçün üç dövlət yaratmışlar: “Əhəmənilər”, “Parfiyalılar” və “Sasanilər”. Bu dövrlərdə atəşpərəstlik mövcud olmuşdur. Daha sonra Makedoniyalı İsgəndərin Azərbaycana hücumu olmuş və o, Azərbaycanı iki yerə bölmüş, onun bir hissəsini Atropata hədiyyə etmişdir. Bu günə qədər bu torpaq bizimdir.

Daha sonra Azərbaycan xristianlığın ilk mərkəzlərindən birinə çevrilmiş və ondan sonrakı dövrlərdə ərəb ölkələrinin hücumu nəticəsində İslam dinini qəbul etmişdir. Bütün bu dini görüşlər, Azərbaycan incəsənətində özünə dərin izlər qoymuş və həm din, həm mədəniyyət, həm də memarlıq sahəsində şedevrlər yaratmışdır. 

 Bu gün biz ornament tarixindən danışarkən, həmin dinlərin ölkəmizdə qoyub getdiyi abidələr və əsərlər haqqında da demək lazımdır. 

1. Hindlilərin “Atəşgah” adlı müqəddəs məbədi tikilmiş və bu günə qədər bir abidə kimi saxlanmaqdadır. Zaman-zaman hind zəvvarları burada ibadət edirlər.

2. Azərbaycan xalqı öz qədim ənənələrinə sadiq qalaraq, dörd çərşənbə günü öz ağırlıq, uğurluq və xəstəliklərini odun üzərindən atlayaraq aradan qaldırırlar.

3. Lakin Azərbaycanda İslam dininin bayramları və mərasimlərinə də hörmətlə yanaşılır və onunla əlaqədar saysız-hesabsız məscidlər, İslam alimləri üçün məqbərələr, avdanlar və hamamlar mövcuddur.

4. Xristianlıq Azərbaycanda ilk olaraq qəbul olunmuş və Azərbaycanda xristianlığın ən məşhur şəhərlərindən biri olan Qəbələ şəhəri olmuşdur. Sonra isə Katalikosun mərkəzi Bərdə şəhəri olmuşdur. Bu dinin Azərbaycandakı izi hələ də qalmaqdadır, çünki burada saysız-hesabsız kilsələr, dairəvi xaçlı və bazilika tipli kilsələr mövcuddur. Bundan əlavə, üzərində xaç rəsmi olan qəbir daşları, demək olar ki, Culfa, Naxçıvan, Qarabağ, Kəlbəcər bölgələrində bu günə qədər saxlanmaqdadır.