Nəbati ornamentlər

Azərbaycan incəsənətində, o cümlədən folklor, mifologiya və ornament sənətində geniş yayılan növlərdən biri də ağac rəsmləridir. Ağac rəsmlərinin bəzilərinin xalq arasında müqəddəs ağac olması əsrlər boyu geniş yayılmışdır. Məsələn, xalq arasında olan ayinlərə görə ağac bir neçə mənada məşhurdur. Onlardan biri “dünya ağacı”, o birisi “həyat ağacı”, üçüncü isə “ana” ağac. Məsələn, xalq arasında bar verən tut və bir də incil ağacını kəsmək günahdır.  İnama görə bu ağacları kəsmək o evdə yaşayan insanların ömrünü kəsməyə bərabərdir. Lakin elə ağaclar var ki, onlar insanların yaşadıqları yerdə yox, daha çox yaşamadıqları yerdə əkilir, onlara “sərv” ağacı, “sallama söyüd” və çiçək açan ağaclardan isə “oleandr” deyilən ağaclardır. Bu ağaclar həmişə küçələrdə əkilir.

Dünya ağacı. Ağac dünyanın mərkəzi hesab olunur. Dünya ağacı dedikdə qədim insanların fikrinə görə, onun üç hissəsi mövcuddur. Bizim həyatımızda gördüyümüz mərkəz hissəsi ki, o həm bar verir, yarpaq verir, gül verir. İkinci hissəsi onun torpağa basdırılan kök hissəsidir. Üçüncü hissəsi isə, məhz onun ən yuxarıdakı, göylərə doğru ucalan baş hissəsidir. Ümumi fəlsəfi görünüşə görə, ağacın mərkəz hissəsi insanların yaşadığı, nəfəs aldığı, öz həyatını davam etdirdiyi mərkəz hissəsidir, yəni orta hissəsidir. İnsanlar hündür ağacların nə kökünü görür, nə də onun yüksəkdə yerləşən baş hissəsini görür. Adətən, ağaclara, bağlara qulluq edərkən, onun kök hissəsinə daha artıq xidmət edilir və onun ətrafında çox zaman kiçik canlılara: qarışqalara, bəzən isə balaca qurdlara rast gəlinir. 

Məlum olduğu kimi, Yer kürəsinin digər planetlərdən fərqi ondan ibarətdir ki, burda canlıların yaşayışı üçün lazım olan bütün ünsürlər mövcuddur (su, hava, Günəş, külək, torpaq). Qədim insanlar bunu çox gözəl bilirdilər və bunun üçün həmin “həyat ağacı”nın fenomenini açıqlamağa çalışırlar və buna nail olurlar. Məlum olduğu kimi, ağac şaquli istiqamətdə dayanır, onun ətrafında biz və digər canlılar yaşayırıq və rahat həyat sürürük. Amma elə canlılar var ki, onlar həm torpağın altında, həm də torpağın üstündə yaşayırlar. Bu canlılara bir çox heyvanlar, o cümlədən ilanlar daxildir. Qədim fəlsəfi görüşə görə, ilanlar hər iki dünyada yaşayan canlılardır: o həm torpağın altında, qaranlıq dünyada, həm də bizim dünyamızda yaşaya bilir. Biz ağacın ətrafında yaşayırıq ki, bu da həyat simvolu hesab olunur. Lakin biz uça bilmirik. İnsan o zaman uçur ki, onun ruhu bədənindən ayrılır. Elmi və dini görüşlərə görə, bu həyatdan əl çəkib, o dünyaya – qaranlıq dünyaya yola düşərkən onun ruhu mütləq göylərə uçmalıdır. Hətta nağıllarda, miflərdə belə bir deyim var ki, quşlar insanın ağzından canı çıxan dəqiqənin ilk biliciləri olurlar. Bu baxımdan uçan quşların daim ağacların başında oturub bu anı gözləməsi də təsadüfi deyildir. Yəni quşlar ruhun, göy cisimlərinə çatdırılmasının bir növ  vasitəçisidir.

 Həyat ağacı – Azərbaycan xalq sənətində, xüsusilə də xalçaçılıqda, naxışlarda, tikmələrdə və digər dekorativ sənət növlərində çox mühüm yer tutan ən qədim və dərin məna daşıyan ornamentlərdən biridir. O, sadəcə bir ağac təsviri deyil – bütöv bir dünya modelidir. Həyat ağacı — bir çox mədəniyyətlərdə rast gəlinən universal simvoldur, lakin Azərbaycan xalq sənətində bu motiv özünəməxsus dərinlik və poetik güc qazanmışdır. O, həm bioloji həyatın, həm də mənəvi həyatın davamlılığını simvolizə edir. Həmçinin insan – təbiət – kainat – tanrı əlaqəsinin bədii ifadəsidir. 

Məlum olduğu kimi, Misirlilərin “Ölülər haqqında” kitabları mövcud olmuşdur ki, onların birində deyilir ki, “Tutanxamon öldü, onun ruhu uçaraq göyə qalxdı və uçub “Günəş diskinə birləşdi. Və bundan sonra oğlu Tutmoz onun yerini tutdu”. Bu həqiqətdir və bu həyat fəlsəfəsidir, çünki “Həyat ağacı” məhz bu cür insanın doğulub-ölməsini göstərən bir simvoldur. Məlum olduğu kimi, dünyada bir çox dinlər vardır, onlardan biri də İslam dünyagörüşüdür. İslam dünyagörüşünə görə dörd mələk vardır. Bu mələklərdən biri də Cəbrayıldır (Qabreil). Cəbrayılın iki əsas vəzifəsi mövcuddur ki, onlardan birincisi Məhəmməd Peyğəmbərə Müqəddəs Quranı çatdırmış, ikinci vəzifəsi isə hamilə qadınların bədəninə ruh daşımaqdan ibarət olmuşdur ki, bunu bütün müsəlmanlar çox gözəl bilirlər. Əgər o gecikərsə, o qadının övladı dünyaya gəlməyəcəkdir. Bu, haqqında danışdığımız “Həyat ağacı”dır. 

Ağac “niyyət” ağacıdır – Bütün türk dünyasında, o cümlədən Azərbaycanda ən çox rast gəlinən “niyyət ağac”ı da əsrlər boyu insanların, o cümlədən övladı olmayan qadınların ən çox müraciət edib, ona inanıb və ondan övlad istədikləri niyyət ağacıdır. “Niyyət ağac”ı  uca dağların, qayaların əlçatmaz hissələrində bitən qeyri-müəyyən formalı, əyri-üyrü ağaclara deyilir. Azərbaycanda övlad həsrəti çəkən bir çox insanlar əsrlər boyu bu ağacı axtarıb-tapıb ona olan inamını bildirir, çünki qədim mifoloji fikirlərə görə yalnız belə “niyyət ağac”ı qadınlara övlad vermək gücünə malik imiş. Bu ağaclar quru yarpaqsız, bəzən yarpaqlarla örtülsə belə onun əsas əlamətləri ağacın budaqlarına müxtəlif baş örtükləri, xoruz başları, bəzən də qoyun başlarının bağlanması olmuşdur.

Gördüyümüz kimi, baş örtüklərinin və xoruz başlarının qırmızı olması, həmçinin qoyun başının qanlı olması bir daha sübuta yetirir ki,“ana” ağacı, yəni niyyət ağacına müraciət edərək öz istəklərinə çatmış və təşəkkür əlaməti olaraq “ana” ağaca hədiyyələr gətirib və həmin ağacın üzərinə bağlamışlar. 

Təsadüfi deyil ki,mənbələrdə yazılır ki, qədim hunlar ağaca, çox güman ki, (niyyət ağacı) at qurbanı kəsib onun qanını yarpaqlara çiləyir, kəlləsini və dərisini də budaqlara asırdılar, çünki onlar bu ağacı (əsasən palıd ağacı) başqa ağacların anası sayırdılar. Eyni zamanda onu xilaskar və bütün bəxş edən varlıq hesab edirdilər. Hətta hunların knyazları, özləri və əyanları bu ağaca sitayiş edirlərmiş. Həqiqətən qədim türk xalqlarında ana və analar anası, hətta bəzən qəbilələrin, xalqların ulu babalarının anası kimi özünü göstərirdi. (Moisey Kalankatuklu, Albaniya tarixi. Mxitar Qoş, Alman salnaməsi, Bakı, Elm, 1993, səh.161).