Nəbati Naxışlar
Nəbati ornamentlər – Gül, yarpaq, budaq kimi təbiət formalarından ibarət olan naxışlardır. Nəbati ornamentlər Azərbaycan xalçaçılığında və ümumilikdə Şərq xalça sənətində bitkilərdən ilhamlanaraq yaradılmış naxışlardır.

Bu ornamentlər həndəsi ornamentlərdən sonra ən geniş yayılmış ornamentlərdir. Nəbati ornamentlərin əsas elementi stilizə olunmuş bitki təsvirlərini təşkil etməsidir. Azərbaycanda nəbati naxışlar içərsində ən çox yayılmış naxışlar güllərdən (lalə, qızılgül, süsən, qərənfil və s.) və ağaclardan (nar, palıd, sərv və s.) ibarət olan naxışlardır. Nəbati naxışlardan Azərbaycanın sənət abidələrində geniş istifadə olunmuşdur.
Məlum olduğu kimi Azərbaycan ornament sənətinin ən zəngin sahələrindən biri də məhz Azərbaycan florasından kifayət qədər qidalanan nəbati naxışlardır. Nəbati naxışlara məlum ağac növləri, yarpaqlar, çiçəklər və s. daxildir ki, bunların da sayı-hesabı demək olar ki, yoxdur. Lakin nəbati naxışlar sadəcə gözəllik xatirinə, yəni ətraf mühitdəki gözəlliyi insanın interyerinə gətirmək məqsədi daşımamışdır. Hər bir ağac, hər bir çiçək, hər bir gülün, hər bir otun azərbaycan xalqının məişətində, həyatında müəyyən rolu olmuşdur. Yəni meyvə növləri, tərəvəz, gül-çiçək, bütün bunlar nəinki qida, həmçinin insan orqanizminin sağlamlığı, insan həyatının daha artıq gözəllik mövzusunu tamamlamışdır. Məhz buna görə də, Qarabağ və onun əhalisi Azərbaycanın digər xalçaçılıq və incəsənət mərkəzlərindən fərqli olaraq nəbati naxışların zənginliyi, müxtəlifliyi və rəngarəngliyi ilə seçilir. Bir çox sənətşünaslar xalçanı “toxunmuş kitab” adlandırır. Nəbati naxışlar isə onun poetik dilidir. Onlar xalçanın ortasındakı “göl”də, kənar bordürlərdə, bucaqlarda yer alaraq xalçaya daxili ritm və mənəvi ruh verir.
Nəbati naxışlardan olan yarpaq və onun islimilərə çevrilməsində sufizimin rolu.
Məlumdur ki, VII əsrin I yarısında Ərəbistanda yeni bir dini təlim İslam meydana çıxdı və yayılmağa başladı. İslam sözünün hərfi mənası, Allaha sədaqət deməkdir. Onun banisi Məkkəli Məhəmməd oldu. Yaranan din feodal münasibətlərin möhkəmlənməsinə fəal şəkildə xidmət edirdi. Məhz bundan sonra Ərəb dövləti yarandı və Ərəblər Bizansa yürüş edərək oranı işğal etdilər. Təxminən 100 illik mübarizədən sonra Azərbaycanı da işğal etdilər. Yeni din Ərdəbil, Marağa və s. sənətkarlara, tacirlərə də zorla qəbul edildi.
Məhz Təbrizdə, Ərdəbildə islamın geniş yayılması, ornament sənətinin inkişafına da ciddi təsir etdi. Başqa sözlə, incəsənətin ideoloji tərəfinə də təsir etdi ki, bu zaman yaranan naxışlar, o cümlədən yarpaq, gül, çiçək sadəcə olaraq yüksək, bayramsayağı əhval-ruhiyyə yaradan dekor deyil, həm də daha mürəkkəb, hərtərəfli, güclü hiss və emosiyaların ifadəsi idi. Yaranan hisslər islamın tərkib hissəsindən biri olan, sufi təsəvvürlərlərinin əksi idi. Sufilər orta əsr müsəlman şərqində bədii həyatda əhəmiyyətli rola malik olan peşə ordenlərinin təşkilində mühim rol oynamışlar. Saray sənətinin inkişafında fəal iştirak edən sufi rəssamları şəhər emalatxanasının hamısında fəaliyyət göstərirdilər.
Sufi təsəvvürlərinin təsiri altında rəssam, şair, musiqiçinin yaradıcılıq fəaliyyəti bir müəmmaya çevrildi. Onlar yaradıcı aktın başlanğıcına qovuşdular. Rəmzlər aləmi görünən və xəyali dünya arasında əlaqələndirici bir vasitə idi. Görünən formalar İslam ənənəsinin dərin mənasını gizlədən yeni bir formaya daxil olundu. Başqa sözlə desək, bu məlumatsız tamaşaçı üçün dərk olunmaz qalırdı və o, yalnız qarşılıqlı intellektə malik olan şəxs üçün üzə çıxırdı. Rəssamın yaratığı hər bir xətdə naxış və yarpaq öz formasını dəyişir, yeni, gizli bir məfkurəyə çevrilirdi. Digər tərəfdən forma yaratmağın məqsədi təsvir olunan obyektin səciyyəvi cəhətlərini imkan daxilində daha artıq dərəcədə gizlətmək idi. Məsələn: Məlumatsız tamaşaçı üçün təsvir olunan daim dərk olunmaz qalırdı və o, yalnız inkişaf etmiş intellektə, təxəyüllə olan şəxs üçün üzə çıxırdı.
İbni Ərəbi yazıdı: “Fəal təsəvürü olmayan şəxs heç vaxt, problemin mahiyyətini dərk etməyəcək. O kordur.”
İslam mədəniyyəti çərçivəsində intellektual biliyin daşıyıcıları məhz Sufilər olmuşdular.
Beləliklə, bizim həyatda gördüyümüz ağac, kol, gül, bitki və s. saysız- hesabsız yarpaqlar Sufi dünya görüşlü rəssamlar tərəfindən təmamən dəyişdirilib ümümiləşmiş, yeni görünüşdə öz əksini tapmışdır ki, bunlar da “İslimi və Xətai” adlı yeni formalı yarpaqlar silsiləsinə daxil idilər.