Kvadrat ornamentlər
Kvadratın semantikası ilk dəfə professor A.Ambroz tərəfindən tədqiq olunmuşdur. Onun fikrinə görə kvadrat erkən əkinçilik dövründə meydana gəlib, əsasən torpaq və bərəkət mənasını daşıyır. Sadə kvadrat ümumiyyətlə torpağın rəmzidir. Kvadrat əkin üçün hazırlanmış, şumlanmış torpağın rəmzidir. Qarmaqlı kvadrat məhsul verən ana torpaq, tarla, bolluq rəmzidir. (1. Амброз А.Л. К Истории Верхнего Поднесенья в 1 тысячилетия н.э. // Советская археология, 1964 № 1, стр 56-71.)(2. Амброз А. Раннеземледельческий культовый символ («ромб с крючками»)// Советская археология, 1965,, № 3, стр. 14-27.)

Dördbucaq, kvadrat formasına olan diqqət təsadüfi deyildi. Torpaq, səhra, su hövzələri, hətta yaşayış məkanları məhz bu formada təsvir olunurdu. Xaç isə sahəni nizamlayan mərkəzləşmə ideyasının rəmzi idi və bu rəmz məkanın tarazlaşmasının, sağ-sol, yuxarı-aşağı hissələrinin kəsişməsinin, məkanın dörd hissəsinin rəmzi idi. Əslində, kvadrat dördbucaq kimi təbiətdə mövcud deyil.
Ehtimal olunur ki, qayalar üzərində düzbucaqlı damğaları rəsm edən qədim insanlar, eyni zamanda dünyanın dörd ünsürü kimi rəmzi mənalarını da ifadə etmişlər. Belə ki, dördbucaqlının içərisində təsvir olunmuş çarpaz şəkilli xətt onu dörd hissəyə ayırır. Qədim təsəvvürlərə görə ayrılmış bu hissələr ilin fəsillərini – yazı, yayı, payızı və qışı ifadə edirlər. Lakin bildiyimiz kimi, dördbucaqlılar və düzbucaqlılar daima torpağın rəmzi mənası sayılırlar.
Kvadratlar içərisində romb və rombdan ayrılan 12 qarmaq əslində ilin 12 ayına işarə idi. Hətta tərəkəmələr və kənd sakinləri arasında bunu ifadə edən şeir də mövcuddur.
Üçü bizə yağıdır (qış)
Üçü cənnət bağıdır (yaz)
Üçü vurub gətirər (yay)
Üçü vurub aparar (payız)





(С.И.Руденко. Древнейние в мире художественные ковры и ткани. Москва: из-д Искусство, 1968, стр.74)
Xalçalarda olan qarmaqlı romb rəsmləri V.Moşkovanın fikrinə görə kişi başlanğıcını göstərir və “qoçaq” adlanır. Ətrafında qarmaqlar olan romb Azərbaycan xalça sənətində ilin 12 ayı və 4 fəslini ifadə edir. Kvadrata gəlincə Azərbaycanda xovsuz xalçalar toxuyan tərəkəmələr onu “çadır”, “yaşayış yeri” və “ailə yaşayış yeri olan kimi” adlandırıblar. Kvadratın üzərindəki rəsmin içərisindəki romb və onun üzərində kiçik kvadratlar və ya 9 ədəd romblar hamilə qadın simvolu hesab edilir.
Dairə
Dairəyə gəlincə, təbiətdə o, kifayət qədər mövcuddur və insanın iradəsindən, fəaliyyətindən asılı olmayan, təbiətin özünə xas olan bir cəhətidir. Yəni, dairə təsvir edərkən, insan artıq təbiətdə mövcud olan bir mövhumu dərk edirdi. Kvadrat isə insan fəaliyyətinin nəticəsində meydana gələn, yaranan bir fenomendir. İnsan tərəfindən yaranan bir formadır.
Üçbucaq
Üçbucaq motivi Azərbaycanda bəd nəzərdən, şər qüvvələrdən qorumaq magiyası ilə bağlıdır. Bu təkcə xalçalarda deyil, incəsənətin bir çox sahələrində də geniş yayılıb. Azərbaycanda botanik karkaz, yəni dağdağan üçbucaq şəklində kəsilərək uşaqların boynundan asılıb.
Çoxbucaqlılar
Çoxbucaqlı medalyonlar Azərbaycan xalça sənətində və bir də islam dövrü memarlıq abidələrinin bədii tərtibatında saysız-hesabsız formalarda tətbiq edilmişdir. Onlar Azərbaycan incəsənətində böyük ölçülü medalyonların yaranmasında əsas rol oynayır. Bir qayda olaraq səkkizbucaqlılar ornament sənətimizin şah əsəri kimi göydəki ulduzlarla əlaqədar olaraq ən çox milli bayrağımızda özünə yer tutmuşdur ki, bu da bir qayda olaraq Zərdüştçülüklə əlaqədardır. Səkkizguşəli ulduz rəsmləri Quba-Şirvan xalçalarının mərkəzində əsas medalyon kimi yerləşir. “Cəmcəmli”, “Zeyvə”, Gəncə, Qazaxın ara sahə medalyonların tərtibatında da tətbiq edilir.