Çovqan

Məlum olduğu kimi, Azərbaycanda hələ çox qədim zamanlardan başlayaraq, uşaqlar, gənclər və kişilər arasında müxtəlif idman oyunları mövcud idi. “Çilingağac” və s. kimi idman oyunları mövcud idi. Belə oyunların sayı 10-15-ə yaxın idi ki, Azərbaycanın hər bölgəsində bunlar mövcud idi. Lakin getdikcə bu oyunların sayı daha da artdı, müəyyən bayramlarda “kəndirbaz” və “çovqan” oyunları da yarandı. Çovqan oyunlarının ən geniş yayılmış rəsmlərində XVI-XVII əsrlərdə Səfəvi dövründəki saray idman yarışlarında dəbə düşür ki, bu da o dövr rəssamlarının miniatür rəsmlərində özünə yer tapır. Bu oyunun ən gözəl nümunələri Nizaminin “Xəmsə” əsərində əks edilmişdir.

Belə ki, o dövrün saray əyləncələrinin ən tanınmış növlərindən sayılan çovqan, göstərilən miniatürdə “Xosrov və Şirin ” oyununda əks edilmişdir. Hər iki gənc bu oyunun qaydalarını bildikləri üçün onu oynayırlar. Oyunun əsas məğzi, at üzərində oturaraq, çovqan üçün düzəldilmiş uzun ağac və onun ucuna birləşdirilmiş metal hissədən ibarət olan bu günkü topa bənzər vasitə ilə oynanılmasıdır. Bu oyun, Avropalıların oynadığı golf və ya polo ilə oxşardır və Azərbaycanlılarda geniş yayılmış çovqan idman oyunundan götürülmüşdür.

Bundan əlavə, Azərbaycan incəsənətində, əsasən də saray mövzularını özündə əks etdirən xalça, parça, miniatür və s. əsərlərdə əyləncə, təbiətin qoynunda kef məclislərində, gül-çiçəklərin fonunda gözəl vaxt keçirən saray məclisləri də göstərilir. Bu məclislərdə təbiətin füsunkar təsiri, saray geyimlərində, şairlərin şeirlərini oxuduğu rəsmlərdə də özünü göstərir. Çox zaman burada balıq qızardan nökərlərin də rəsmlərini görmək olur. Bir qayda olaraq, şairlərin söylədikləri gözəllik, təbiət və ya şeirləri miniatürlərin aşağı hissəsində əks olunur. 

 Bütün bu miniatürlərdə ən çox nəzəri cəlb edən miniatür üzərində əks olunan süjetlərdir. Bu süjetlərdə insan rəsmlərinin fərqli geyim tərzləri və geyimlərinin naxış xüsusiyyətləri, çadırların fərqli rəngdə olan ornamental təqdimatı, kişi və qadınların gündəlik həyat tərzi özündə əks etdirilir.

 Dini mövzular orta əsr Azərbaycan incəsənətinin müxtəlif sahələrində çalışan saysız-hesabsız şairlər, musiqiçilər, rəssamların toplandığı böyük saraylarda əksini tapır. Eyni zamanda, şəhər böyük bir məktəbə çevrilirdi. Hələ XIII əsrdən başlayaraq, Qazan xanın dövründən etibarən Azərbaycan xalqı özünün püxtələşmə dövrünə qədəm qoymuşdur. Rəb-i Rəşidi və Şənbi-Qazan məhəllələrində özünə məxsus akademiya şəhərciyi yaranmışdı. Yaxın və Uzaq Şərq ölkələrindən gəlmiş 8 minə yaxın insan burada təhsil alırdı. Bu elmi mərkəzdə oxuyanlar müxtəlif sahələrdə, o cümlədən xəttatlıq, rəssamlıq, memarlıq və digər sənətkarlıqların elminə, yəni texnologiyalarına yiyələnirdilər.

Burada müxtəlif tədris və elmi biliklər öyrədilirdi, eyni zamanda burada böyük kitabxana və göy cisimlərini öyrənən rəsədxana da fəaliyyət göstərirdi. Bu özünə məxsus akademiyanın divarları arasında təhsil alan xarici millətlər bir neçə dil öyrənməklə yanaşı, həmçinin fəlsəfə, astronomiya, təbiətşünaslıq və digər fənnləri öyrənirdilər. Kitabxana nəzdindəki bədii kitabxanada rəssam-miniatürçülər, xəttatlar və digər sənətkarlar təhsil alırdılar və ən çox əl yazma kitablarının çoxalması, köçürülməsi və onlara illüstrasiya çəkilməsi ilə məşğul olurdular. Bu dövrün sonunda həmin yetişən yüzlərlə sənətkar yeni “gül-çiçək” üslubunun əsasını qoymuşdular. Əgər erkən əl yazılarının tərtibatında ən çox həndəsi elementlər təşkil edirdisə, təsviri motivlər hələ yaranmamışdı. Lakin buradakı təhsilin nəticəsi olaraq, sonralar həndəsi abstrakt naxışlar nəbati motivlərlə əvəz edilirdi. Rəsm daha mülayim, zərif xəttlərlə işlənir və daha nəfis olmağa başlayırdı. Rəsmin dəyişilmiş üslubu, şairanəlik cizgiləri bəxş edən dekorla tamamlanırdı.