Buta ornamentləri

Azərbaycanda bu gün ən çox işlənən və incəsənətimizdə tətbiq edilən bir neçə ornament ünsürləri var ki, onlar həm xalçalarda, həm bədii metal, zərgərlik sənəti və parçalarda tətbiq edilir. Onlardan ən məşhuru buta təsviridir. 

Buta ornamenti Azərbaycan xalq sənətində, xüsusilə xalçaçılıq, tikmə, misgərlik, zərgərlik, taxta oyma və keramika kimi sahələrdə ən qədim, geniş yayılmış və dərin simvolik mənaya malik ornamentlərdən biridir.Bu gün sevilən, xüsusi hörmətlə, xüsusi sevgiylə milli naxış kimi sənət və sənətkarlığın bütün sahələrində geniş tətbiq edilən buta təsvirinin tarixinə nəzər salsaq, onun prototipini 1947-ci ildə Altayda rus arxeoloqları tərəfindən aparılan (Rudenko) qazıntılardan əldə edilən kilim üzərində də görmək olur ki, həmin bu kilimlərin Azərbaycanın qədim dövləti olan Midiyada toxunduğu hesab edilir. 

Dağlıq Altayın 5-ci Pazırıq kurqanından çıxarılmış, e.ə. V əsrə aid xovsuz toxunuşlu Midiya xalçasından bir fraqmentin üzərində olan kvadrat biçimli naxışların aşağı və yuxarı hissəsində buta təsvirindən istifadə edilmişdir. 

 Mütləq qeyd etmək lazımdır ki, buta təsvirləri təkcə Azərbaycanda deyil, eyni zamanda Türkiyə, Hindistan və İran incəsənətində də kifayət qədər yayılmışdır. Onun mənasına gəlincə, məlum olduğu kimi, Azərbaycan incəsənətinin müxtəlif sahələrində tətbiq edilən buta təsvirləri digər ornamentlər kimi, müəyyən bir məna daşıyıcısı olub, alimlər tərəfindən “yanan alov” (Lətif Kərimov), tovuzquşunun quyruğu (Rasim Əfəndiyev) və müqəddəs sərv ağacının simvolu (Kübra Əliyeva) olaraq sənətə gəldiyini qeyd edirlər.

Buta rəsmlərinin Türkiyə, Hindistan, İran, Özbəkistanda kifayət qədər tətbiq edilməsinə baxmayaraq Azərbaycan incəsənətində buta təsvirinin saysız-hesabsız formalarda təzahür etdiyini görmək olur. Yəni buta xalq arasında geniş yayılan xalçalarda, qadın yaylıqlarında, parçalarda, çantalar üzərində və s. təsvir edilərək müxtəlif adlar altında yayılmışdır. 

 Butanın bir bəzək elementi kimi yayılma arealı çox genişdir. Lakin butaların ən zəngin formaları Azərbaycan xalq ustaları tərəfindən yaradılmışdır. Azərbaycan xalq ustaları öz zəngin forma və məzmununa görə, bir-birindən fərqlənən yüzlərcə buta təsviri yaratmışdır. Hər butanın da xalq tərəfindən verilmiş adı onun forma və məzmunu ilə birləşərək tamlıq təşkil edir. Məsələn, “lələkbuta”adlı buta quş lələyini xatırladır. İki bir-birinə arxası ilə birləşən butalar xalq arasında “yar-yardan küsülü buta”, bir butanın daxilində üç buta yerləşirsə, ona “ailəli” və ya “arvad-uşaqlı buta” deyirlər.  Üzləri bir-birinə tərəf çevrilən butalara “sevgili buta” və ya “ər-arvad buta” deyirlər.

 Butanın əsl mahiyyətinə gəlincə əslində o, səhralarda bitib küləklər əsərkən yerindən qoparaq bir-birinə dolaşaraq 100 kilometrlərlə yol gedən tikanlı ot bitkisidir. Hələ XIX əsrin sonu – XX əsrin əvvəllərində yaşlı Bakı sakinləri butanın Yasamal səhralarında ayağa dolaşan bir bitki olduğunu, onları toplayıb təndir qalamaqda və evin havasını dəyişmək üçün sobada istifadə etdiklərini söyləyirlər.  

Azərbaycanın şifahi xalq ədəbiyyatında, o cümlədən bayatılarımızda buta məfhumuna tez-tez rast gəlinir:

Araşqının zəri var,
Butası var, zəri var,
Xumar baxan gözlərin
Ulduza bənzəri var.

Qızıl gülsən butasan,
Məni salma oda sən,
Mən o güldən deyiləm,
İyləyəsən atasan.

Yaylığının yanı buta
Məni saldı yanar oda.