Bulud Naxışları

Bulud ornamenti səma ilə bağlı rəmzlərdən biridir, buludun stilizə olunmuş təsviridir. Adətən əyri, burulğan formalı xətlərdən, spiralvari elementlərdən və ya dalğavari ornamentlərdən ibarət olur. Bu motivin mənəvi və təbiətə bağlı mənaları vardır. Orta Asiya, Anadolu və Cənubi Qafqaz xalqlarının ornamentikasında bulud motivi geniş yayılıb və zamanla fərqli formalar alsa da, əsas ideyası dəyişməyib. Qədim dövrlərdə insanlar hesab edirdilər ki, buludlar ruhların, tanrıların və ya görünməyən varlıqların yaşadığı aləmdir. 

Azərbaycan orta əsr ornament sənətində, o cümlədən Təbriz xalça və parçalarında tətbiq olunan ornamentlərindən biri də “bulud” rəsmləridir. Bulud naxışından danışmazdan əvvəl buludların səmada yaranma səbəblərindən bəhs edək:

Bulud, havada su buxarının və ya kristallarının kiçik damcılar şəklində toplandığı təbii bir fenomendir. Bu damcılar birləşərək böyük kütlələr halında bir yerdə toplanır və bu da buludların yaranmasına səbəb olur. Buludlar adətən yüksək hündürlükdə formalaşır, lakin bəzi bulud növləri yer səviyyəsinə də yaxın ola bilər. 

 Buludlar bir çox fərqli növ və formaya malikdirlər. Məsələn:

Ağ buludlar – Günəşli və açıq havada buludlar ağ və parlaq görünür.Bu, kümülüs buludları üçün xarakterikdir. Su damcıları kiçik və çox olur.

Boz və tünd boz buludlar – Yağış və ya qar yağması ehtimalı olduğunda buludlar tünd boz və ya hətta qara rəngə çalır. 

Qırmızı, narıncı və sarı buludlar – Gün batımı və ya gün doğumu zamanı günəşin işığı buludları müxtəlif qızıl və narıncı rənglərə bürüyə bilər. 

Qara buludlar – Tünd qara buludlar çox vaxt ağır yağış və ya fırtına əlamətidir. Bu tip buludlar çox sıx və su dolu olurlar.

Bulud rəsmləri bir ornament motivi kimi Uzaq Şərq, Uyğur və Çin incəsənətində geniş tətbiq edilmişdir. Uyğur ustaları, Azərbaycan hökmdarlarının saray emalatxanalarında çalışarkən, Təbriz miniatür sənətində bu motivi özləri ilə gətirmişlər. Azərbaycan dekorativ sənəti axarına düşərkən bulud motivləri ayrı mənalar kəsb etmişdir. Bu da yerli üslub əlamətlərindən irəli gəlir və sufiliyin estetik təsəvvürlərinə əsaslanırdı.

Bulud rəsmləri mücərrəd mənalar daşıyır, çünki onlar özlərinin real prototiplərindən ayrılaraq, “islimi” formalar kimi ideal gözəllik təsəvvürlərinə uyğun gəlirdi. Məzmun isə gizli daxili (batil) ali dünya ideyası ilə, ilahi başlanğıcla səciyyələnirdi. Bulud formaları həm mürəkkəb, həm də sadə olur. Onlar nəfis silueti ilə fərqlənir. Kompozisiyada, buludlar bir-biri ilə bağlı olmasalar da, yerləşməsi simmetriya qanununa uyğundur. Bulud motivləri özlərinin saysız-  hesabsız formaları isə məhz Təbriz rəssamları tərəfindən yaradılmışdır.