Azərbaycan Ornament Tarixi
Məlum olduğu kimi, incəsənətin ayrı-ayrı dövlətlərdəki əsas istiqamət və üslublarını öyrənərkən bir qayda olaraq, rəngkarlıq, heykəltəraşlıq və memarlığa üstünlük verilir. Lakin, yuxarıda adı çəkilən sənət növləri, eyni zamanda bizi əhatə edən və həyatımızda mühüm rol oynayan dekorativ sənətin bu və ya digər növlərində ornament sənətinin çox böyük əhəmiyyəti var. Ornament tarixin mərhələlərini, hər əsrin simasını, onun bədii dilini əks etdirmək funksiyasını daha dəqiq yerinə yetirir. Ornament babalarımızdan bizə miras olaraq qalmış bir salnamədir, və yaxud işarələrlə yazılmış informasiyadır. Başqa sözlə, ornament müxtəlif dövrlərin tarixini, fəlsəfəsini, dinini, etnoqrafiyasını, ədəbiyyatını öyrənmək üçün bir açardır. Hətta dünya sənətşünasları ona “dövrün dəsti-xətti” adını da veriblər. Buna görə də, ornament sənətinin öyrənilməsi təkcə estetik cəhətdən əhəmiyyət kəsb etmir, ornament eyni zamanda öz məğzində olan “mənəvi informasiya daşıyıcısı” rolunu oynayır.
Dünya xalqlarının mədəniyyətini öyrənərkən bir çox xalqların maddi mədəniyyətlərində eyni mənanı kəsb edən oxşar ornamentlərə təsadüf edirik ki, bu da müxtəlif sivilizasiyaların oxşar dünyagörüşündən xəbər verir. Məsələn: nöqtə, dairə, s-vari, dalğavari, düz xətt, iki qoşa üfüqi xətt, kvadrat, düzbucaq, romb, nilufər güllü, üçbucaq (dağ, göz), meandr (çay) və s. elementlərin adlarını çəkmək olar ki, onlar qədim dövr memarlıq, keramika, daş sənətlərində, eyni zamanda metal üzərində çox geniş yayılmışdır.
Ornament — ritmik elementlərdən ibarət bəzək və naxış deməkdir.