Azərbaycan incəsənəti və süjet

 Orta əsr rəssamları öz yaradıcılıqlarında Azərbaycanın fauna və  florasını,  adət və ənənələrini, zəngin mifologiyasını, hətta nağıl və tapmacalarını da incəsənətdə əks etdirməklə Azərbaycan incəsənətini zənginləşdirmişlər. Bu baxımdan istər tekstil, memarlıq, istərdə də miniatür sənətində saysız-hesabsız süjetli mövzular yaratmışlar. Belə ki, təbiətin gözəlliyini, yaz fəslini Azərbaycan faunasında mövcud olan heyvan rəsmlərini də yaratdıqları kompozisiyalarda əks etdirmişlər.

Bu baxımdan yeni-yeni kompozisiyalar meydana gəlmişdir ki, bunlara “Əjdaha və Simurq”, “Meşəli”, “Bağçalı”, “Ovçuluq”, “Müharibə səhnələri”, “Kef və musiqi məclisləri”, “İdman səhnələri” və s. kimi adlar altında süjetlər yaradaraq dekorativ-tətbiqi sənətin müxtəlif sahələrində xalqımızın keçmiş adət-ənənə və mərasimlərini bu günə qədər gətirib çatdırmışlar. Mütləq qeyd etmək lazımdır ki, süjetlərin mövzularını zənginləşdirən ən çox Azərbaycan və İran klassiklərinin, o cümlədən Nizami Gəncəvi, Firdovsinin əsərlərindəki personajlar da  bunu davam etdirmişdir . Ən çox diqqəti cəlb edən İslam dininə aid olan mövzulardır. Məsələn, “Məhəmməd peyğəmbərin Meracı”, “ Yusif və Züleyxa” və “İbadət ilk çeşni nümunələrinin yaradılmasıdır.

 Yuxarda qeyd etdiyimiz kimi orta əsr Azərbaycan rəssamları o, cümlədən Təbriz rəssamları yaratdıqları miniatür, xalça, keramika, memarlıq incilərinin bədii tərtibatında bir-birindən fərqli müxtəlif  gül-çiçəklər, islimi, xətailərlə bərabər müxtəlif canlıların quş, heyvan və insan təsvirlərini də kompozisiyalara daxil etmişlər. Bunlara meşə və meşə heyvanlarının təsvirləri, bağça, hovuz və ya axan çay rəsmləri də daxil edilirdi. Ən çox nəzərə çarpan müharibə, döyüş, ovçuluq və İslam dinini özündə əks etdirən namazlıq xalçaları, müqəddəs məscid, məqbərə, hamam təsvirləri ilə zənginləşən kompozisiyalarda  yaradılırdı.