İbtidai cəmiyyətin incəsənətində ornament

Ornament incəsənət dilinin ən qədim formasıdır. Onun meydana gəlməsinin ən erkən mərhələsindən, yəni Neolit dövründən başlayaraq (yeni daş dövrü, e.ə. 6-2 minillik) bəzəyi böyük əhəmiyyətə malik olan əşyalar və əl işləri meydana gəlir. Ornamental qanunlar isə bəşəriyyət tərəfindən həmin dövrdən qat-qat əvvəl mənimsənib, müəyyənləşdirilmişdi. İlk növbədəornamentin qurulması üçün bünövrə olan ritmi qeyd etmək lazımdır. Ritm yalnız ornamental cərgənin deyil, eyni zamanda yer üzündə bir çox başqa proseslərin də əsasını təşkil edir. Ritm (daha geniş mənada) – ahəngdir, bu ornamental işarələrin onların ornamental ifadəsində mövcud olan bərabərliyi, yəni ölçüsündən, əhəmiyyətindən və konfiqurasiyasından asılı olmayan tarazlıq deməkdir. Bir sıra alimlərin fikrincə, ritmin mənimsənilməsi əksər hallarda astronomik və bioloji ritmlərin mənimsə­nilməsi ilə paralel olaraq baş verirdi.

Hələ son Paleolit dövrünün əvvəlində (qədim daş dövrü, e.ə. 35-10 minillik) təsviri dəqiq ritmə malik olan mağara relyefləri, ritmli ornamentli elitar (məişət) və mərasim üçün nəzərdə tutulan əşyalar meydana gəlir. Üzərində müəyyən ritmdə qazması olan daş baltalar (Stokholm. Tarixi muzeyi), spiralvari ornamentlə bəzədilmiş sü­mükdən əsalar (İstüris mağarası, Fransa), daşlarda nöqtə və xətlərdən ibarət rəngli ornamentlər (Plakar. Blanşır kahaları, Fransa) buna misal ola bilər. Çox vaxt əşyalara və bəzəklərə meandrı  xatırladan oyma və həndəsi xətli rəsmlər salınırdı. Mezino adlanan ibtidai məskəndə tapılan, sümükdən hazırlanmış qolbaq məhz bu növ ornamentlə bəzədilib. İbtidai sənətkar enli sümük lövhənin forma və ölçüsünü nəzərə alaraq, onun üzərinə cəsarətlə mürəkkəb naxışlar salmışdır. Burada dəqiq və aydın çəkilən ziqzaqların ornamental zolaqları üzvi şəkildə meandr kvadratlarına çevrilir.

Son Neolit dövrünün demək olar ki, bütün incəsənət nümunələri tam müəyyən, şüurlu şəkildə seçilmiş tənasüb və müstəvisi ilə həmahəng olan incə rəsmə malikdir. Bu dövrün ornamental rəsmləri – hansısa ideyaların, fikirlərin, ümumi təsəvvürlərin, artıq formalaşmış estetik normaların qrafik ifadəsi idi. İbtidai sənətkar yalnız əsas mahiyyəti vurğulamağı deyil, əşyanın mətnini və kəmiyyət mütənasibliyini çatdırmağa da qadir idi. Təbii ki, bunlar olmadan bədii üsullar, vasitələr formalaşa bilməzdi. İbtidai sənətkarların yaratdığı əşyalarda ahəng, simmetriya, ritm aşkar hiss olunur. Onlar rəngin spesifik imkanlarına bələd idilər və lazım olan formanı, o cümlədən formaya uyğun olan ornamenti yaratmağı bacarırdılar. Sözsüz ki, ibtidai sənətkarların bütün bu nailiyyətləri sonrakı dövrlərin incəsənətində də reallaşmışdır.

Neolit dövründə istehsal prosesi və bu səbəbdən onunla əlaqədar mənəvi həyat o qədər mürəkkəbləşmişdir ki, ayrı-ayrı ərazilərdə maddi mədəniyyətin inkişafı artıq müəyyən xüsusiyyətlərə malik idi. İnsan ovçuluq və bitki yığmaqla həyat sürməkdən əlverişli təbii şəraiti olan yerlərdə artıq hey­vandarlığa və əkinçiliyə keçir. Bu səbəbdən Neolitin nisbətən erkən meydana gəlməsi iqlim şəraiti daha əlverişli olan Ön və Orta Asiya, Misir, Hindistan və bir qədər sonra Cənubi-Şərqi Avropa ərazisində baş verir. Yəni, bundan əvvəl incəsənətin inkişafı ümumi, yer kürəsinin müxtəlif bölgələri üçün qüvvədə olan bir proses kimi qəbul olunurdusa, bundan sonra incəsənətdə artıq nəzərə çarpan regional xüsusiyyətlər də seçilirdi. Neolit dövründə təsərrüfatçılığın yeni, intensiv formalarına keçidi ətraf təbiətin daha dərin dərk etməsinə təkan verirdi. Bu da öz növbəsində artıq mövcud olan anlayışların ümumiləşdirilməsinə və kainat haqqında bütöv təsəvvürün yaranmasına gətirib çıxarırdı. Səma, Su, Günəş, Torpaq, Alov kimi obrazları incəsənətdə əks etdirmək zərurəti yaranmışdı. Təsvirin şərti – ornamental formaları da məhz bu dövrdə inkişaf etməyə başlayır.

 Materialın işləməsinin yeni formaları yarandığından sonra, insan sərəncamında olan müxtəlif əşyalar daha da təkmilləşir. Əşyaları bəzəmək adəti xüsusən geniş yayılır. İbtidai insan özü-özünü də muncuqla, bilər­ziklərlə, naxışlı parçalarla bəzəməyə və özünü başqalarından bədəninin rənglənməsi ilə fərqləndirməyə çalışırdı. Nəticədə, bədii tərtib olunmuş əşyalarda stilizə edilmiş abstrakt motivlər meydana gəlir və həmin motivlər bitmiş ornament (naxış) şəklini alır. Təbiətdən kənar olan spiral. dairə, xaç, üçbucaq, kvadrat, romb, svastika, ziqzaq və s. insan təbiət, kainat haqqında artıq mürəkkəbləşən təsəvvürünü canlandırmağa çalışırdı. Bütün bu fiqurlar artıq gizli, dini- mərasimi məna daşıyırdı. Bu növ naxışlar, yaxud ayrı- ayrı fiqurlar – rəmzlər müəyyən dini – mifoloji təsəvvürləri özlərində əks edirdi və həmin rəmzlərlə bəzədilən əşyalar insanların estetik tələblərinə cavab verirdi. Naxışlarda rast gələn heyvan, quş və insan fiqurları stilizə edilir, rəmzi işarəyə çevrilir və bu rəmzin mənasını açmaq çox vaxt çətin olur.

 Ornament sənətinin çoxşaxəli olmasına baxmayaraq, onun əsas, minil­liklərdən keçən elementləri qabarıq şəkildə nəzərə çarpır. Bunlar dairə, kvadrat və xaçdır, əslində bütün maddi mədəniyyət bu üç universal forma üzərində qurulub. Dairə və kvadrat mövhumlarının izahatı bir çox hallarda qədim sivilizasiyalarda kainatın, həyatın bütövlüyü, daimliyi və dairəvi – dövrü olması haqqında mövhumlarla üst-üstə düşür. Eyni zamanda, bunların arasında kardinal fərq də mövcuddur ki, o da dairənin insan düşüncəsində mükəmməliklə birləşməsindən ibarət idi. Dairə Tanrı, Səma, Günəş, Ay idi.

  Neolit dövründə insan tərəfindən yaradılmış ilk süni material – oda davamlı gil – meydana gəlir. Hazır camın, kasanın qaba üstü duru rəngli gil ilə örtülürdü və ona mineral rənglərlə naxış salınırdı. Bəzən rəsmdənsə cızıqların çəkilməsinə üstünlük verilirdi. Naxışlar ya cızılırdı, yaxud da xüsusi ştamplarla əşyanın üzərinə vurulurdu. Qablarda və başqa əşyalarda olan naxışlar müxtəlifliyi və çeşidliyi ilə seçilirdi və bu da əkinçiliyin ən qədim məskənlərində – Yaxın Şərqdə daha çox nəzərə çarpırdı. Bunlar həm həndəsi fiqur, həm gül dibçəkləri, həm də heyvan və rəqs edən insan fiqurları idi. Keramikanın – yaradıcılığın ən geniş yayılmış növünün – forma və bəzək növlərinin çoxluğuna, qablarda olan forma və naxış xarakterinin fərqinə baxmayaraq, o dövrdə hazırlanan əşyaların üzərinə salınan naxışların demək olar ki, eyni üsul və vasitələrlə salındığı nəzərə çarpır. Qabı bəzəmək məq­sədini qarşısına qoyarkən, insan artıq müəyyən forma və ölçü ilə rastlaşırdı. Dulusçu əvvəlcə qabın üzərini müəyyən hissələrə (ilk növbədə üfüqi zolaqlara) bölür və sonra həmin zolaqların hüdudunda başqa-başqa təsvirlər yerləşdirirdi.

 Beləliklə qabın üzərində naxışın sətirvari yerləşdirilməsi dərhal dulusçu sənətinin meydana gəlməsindən sonra yaranır və bu da düz­gün və sadə kompozisiya həlli axtarışlarının nəticəsidir ki, ona da insanlar yer kürəsinin müxtəlif guşələrində müstəqil şəkildə gəlmişdilər. Qabları bəzəyərkən, naxışların yaranması prosesində sənətkarlar simmetriya forma­ları tapır və onlardan istifadə edirdilər. Naxışın ayrı-ayrı elementlərini tək­rarlayarkən. sənətkarlar onları dəqiq şəkildə müəyyən ritmə tabe edirdilər. Ornamental zolaqlar həmişə qabın forması ilə üzvi şəkildə bağlı olurdu. Ondan əlavə, sənətkar naxış vasitəsilə hansısa bir formanın xüsusiyyətlərini üzə çıxarıb, vurğulamağa çalışırdı. Adətən naxış vasitəsilə qabın müxtəlif hissələri vurğulanırdı: yuxarı, aşı hissələri, boğazı, gövdəsi və oturacağı. Qab dayaz olduqda, mərkəz hissəsində olan naxışlar kənarda olan naxışlardan fərqlənirdi.

 Yalnız qablar deyil, evlərin divarları da rəsmlərlə bəzədilirdi. Başqa- başqa icmaların ornamentləri bir-birindən fərqlənirdi. Sadə naxışlar qadınlar tərəfindən, mürəkkəb, çoxfiqurlu, müəyyən mərasim və ayinlər üçün nə­zərdə tutulan naxışlar isə adətlər və əsatirlər haqqında xüsusi biliklərə malik olan qadınlar və kişilər tərəfindən salınırdı. Türkiyədəki Çatal Hüyuk məskənində aparılan qazıntı zamanı məlum olub ki, divarlarında bu növ təsvirlər olan evlərdə mərasimlər keçirilir və hər dəfə divar naxışları təzələnirdi. Çox güman ki, bizim dövrə gəlib çatmayan parçalar və xalçalar da ornamentlərlə bəzədilirdi. Bunu üzərinə naxış salınmış geyimə malik saxsı qadın heykəlcikləri sübut edir.

 Bəzən insanlar kainat haqqında malik olduqları məlumatları omament sisteminə daxil edilən şərti işarələr vasitəsi ilə biri-birinə çatdırırdılar. Bu işarələr müxtəlif məna daşıyırdı: onlar Şəri qova bilir. Xeyiri cəlb edirdilər, bərəkət gətirir və xəstəliklərdən qoruyurdular. Onların arasında müxtəlif insan qruplarının eyni nəsildən, eyni yerdən olan şəxslərə, insanlara məxsus olan, onları fərqləndirən rəmz işarələri də var idi. Ornamentlər yalnız əşyaları bəzəmir, onlar mərasimlərdə də böyük rol oynayırdılar. Belə ki, mərasim camında qədim əkinçi üfüqi dalğalı xətt səma sularını, şaquli xətlə, yağışı, nöqtə və quşlarla – toxum və bitkilərin tumurcuqlarını göstərirdi. Bununla o yağışa, bol məhsula bəslədiyi ümidini ifadə edirdi.

 Ornament quruluşunda rəng mühüm element idi. İşarələr arasında əlaqə yalnız ritm ilə deyil, ornamentə emosional çalar əlavə edən rənglə də ifadə edirdi. Məsələn: qırmızı rəng dünyanın dinamik prosesləri ilə sıx əlaqədədir. Bu, hərəkət, enerji və həyat qüvvəsinin, gücünün rəngidir. Ornamentdə obraz adətən statikdir. Ornamentdə qızılı yaxud sarı rəng günəş şüalarının rəngi idi. Bütün əkinçi xalqlarının ornamentində rəng son dərəcə ehtiyatla istifadə olunur, çünki o statiklikdən məhrumdur və əkinçi təqviminin sabitliyi və ritmi ilə bağlı deyil. Sarı rəng eyni zamanda İlahi mənbədən gələn və qığılcım axını formasında gələn hərəkəti bildirir. Ornamentdə ağ rəng ağ nuru bildirir. İnsan ornament dilində Ali, Ülvi duyğulardan danışarkən, bəhs edərkən ağ rəngdən istifadə edirdi. Bu əzəli Aydınlıq, Saflıq. Alilikdir. Ornamentdə olan statiklik əşyanın özünü dərketməsi, əşyanın yaxud bir hadisənin mahiyyətinin dərinliyinə varmaq deməkdir. Ornamentdə “statiklik daxilində dinamikaya” malik olan obrazlar daha çox “qadın” təbiətlidirlər. Bu xüsusiyyəti ən tam və aydın şəkildə spiral işarəsi nümayiş etdirir.

 Zaman keçdikcə, qədim ornamental motivlər özünün dekorativ və arxetektonik ifadəliliyini saxlayaraq, ilkin mənasını itirir.