Personajlı kompozisiyalar

XVI əsrdə Azərbaycanının Təbriz, Ərdəbil, Naxçıvan, Qarabağında sufiliyin geniş yayılması və sufi rəssamlarının işlədikləri əsərlərdə yeni kompozisiyalar yaranmağa başlandı. Bu kompozisiyalar simvolik olaraq həyatın mənası, yer kürəsi, göydəki ulduzlar və ümumiyyətlə təbiət hadisələrini sujet halında dekorativ-tətbiqi sənətin müxtəlif sahələrində özünü yeni subyektlərdə göstərir. Belə ki, yaradılan kompozisiyalarda böyük medalyonların mərkəzində, bəzən kətəbələrdə, bəzən də haşiyələrdə tam süjetlər, ən əsası isə insan fiqurları yerləşdirilməyə başlanmışdır. Bu baxımdan, XVI əsrdə Qarabağda yaradılan tikmə və ya kiçik xovsuz xalçanı xatırladan bir nümunədə, biz qırmızı fon üzərindəki bağça təsəvvürünü yaradan medalyonun içərisində, mərkəzdə həyat ağacını, onun ətrafında isə bir tərəfində bağbanı, o biri tərəfində isə hərəkətdə olan Səfəvi dövrü zədaganlarının rəsmindəki insan təsvirlərinə rast gəlirik.

Bağçadakı həyat ağacının aşağı hissəsində kvadrat içərisində hovuz və hovuzun içərisində suda quruda vəhşi heyvanları görürük. Bu süjet fəlsəfi bir məna daşıyan bir nümunədir. Burada medalyonu 4 kətəbə əhatə edir. Onların üzərində atlı qoruyucular, onların ətrafında isə itlər var. Bu nümunənin dəfələrlə qadınlar tərəfindən toxunmasını sübut edən bir nümunə də vardır. Həmin nümunənin mərkəzi medalyonunda personajlar götürülmüş, yalnız kompozisiyada, o cümlədən kiçik medalyonların və qara fonun ətrafında yalnız gözətçilərin təsvirlərini özündə əks etdirən kişi təsvirləri qalmışdır.

XVI-XVII əsrlərdə saysız-hesabsız personajların, o cümlədən Səfəvi hökmdarlarının musiqi və bayram məclislərinin süjetlərini göstərən kompozisiyalara şah xanələr, qonaqlar və s. əks etdirilmişdir. Burada müxtəlif geyimli Səfəvi dövrü zadəganlarının personajlarını özündə cəmləşdirən kompozisiyalara yeni qanadlı mələklər də daxil edilmişdir. Lakin kompozisiyada hələ də simurq və əjdaha rəsmləri unudulmamışdır.

 XVI əsrdə miniatür sənətimizə ən çox personaj gətirən Təbrizli Sultan Məhməd və onun oğlu Məhəmməd olmuşdur. Oğul və ata təkcə miniatür sənətini deyil, dekorativ-tətbiqi sənətinin müxtəlif sahələrini ağac üzərində süjetli xalçalar və parçalar üzərində ov səhnələri, insan fiqurları və heyvan rəsmləri ilə bəzəyirdilər. Mütləq qeyd etmək lazımdır ki, onlar Nizaminin “Xəmsə”sinin ayrı-ayrı süjetlərini də işləyərək, həmçinin Səfəvi hökmdarlarının, onların ailələrinin, gənc uşaqlarının portretlərini də işləmişlər və Azərbaycan mədəniyyətinin bütün sahələrini dəqiqliklə əks etdirmişdir. Burada Səfəvi dövrü kişi və qadın dövrü parça bəzəkləri, o dövrün adət və ənənələri, o cümlədən təbiətini əks etdirərək, öz əsərləri ilə bizə çatdırmışlar.