Zoomorf təsvirli ornamentlər

Zoomorf dedikdə: – təbiətdə nə qədər heyvan, quş, balıq və s. göydə, yerdə, suyun altında yaşayanlar nəzərdə tutulur. Bu zoomorf təsvirlərinin ən qədimi at təsvirləridir. Alimlərin verdiyi məlumata görə atın dünyada yaranma tarixi 60 mln. ildən artıqdır. At insanlarla təmas quran ən yararlı heyvandır. Atlar əsrlər boyu insanların istər kənd təsərrüfatında, istər nəqliyyatda, yük daşınmasında (araba, kareta) geniş tətbiq edilir. Atın sürəti digər heyvanlara qarşı daha güclüdür. At əsrlər boyu müharibələrdə insanların istər şəhər, istər kənd həyatında əsas nəqliyyat növündən biri olmuşdur.  

Atlar eyni zamanda mifoloji baxımdan da müxtəlif adlar altında yayılmışdır. Məsələn, Koroğlunun Qıratı, Dədə Qorqudda Ayqır at, Peyğəmbərimizi göylərə aparan Düldül. Qırat sözü özü əslində qığılcım, od mənasını daşıyır. Hətta nağıllarda qanadlı atlar haqqında da tez-tez söhbət gedir. Bəzən atın göydən gəlməsi və günəşin övladı olması ehtimalı da var. 

Qeyd etmək lazımdır ki, adları çəkilən heyvan rəsmləri, o cümlədən at göydəki illərin at ili, it ili, dovşan ili, meymun ili, qoyun ili, donuz ili, 12 heyvan ili də mövcuddur.  Hətta atlar rənglərinə görə də  dəyişik olur, məsələn, dür at, dür rəng bildirir, kəhər at qovrulmuş şabalıd rəngində olur. 

Yunan mifologiyasında insanın rəsmini özündə bitişik halda gəzdirən kentavr adlanan atlarının da rəsmləri öz əksini tapır. Azərbaycan arxeoloqlarından Vəli Əliyevin apardığı arxeoloji qazıntılar zamanı siklopik tikintilərin altından da kifayət qədər insan, xırdabuynuzlu heyvanların sümükləri ilə bərabər, atların da sümükləri tapılmışdır. 

Cənubi Azərbaycanda tapılmış e.ə. IX-VIII əsrlərə aid cam üzərində, XII-XIII əsrlərə aid Şirvan bürünc tiyan üzərində, Təbrizdə toxunmuş və hazırda Paris dekorativ-tətbiqi sənət muzeyində saxlanılan bədii parça üzərində və ən çox XV-XVI əsrlərə aid at formalı qəbir daşları üzərində görmək olar.

Azərbaycanın Qarabağ xalçalarında da tez-tez at rəsmlərinə rast gəlmək olur. Araşdırmalarımızdan aydın olur ki, Qarabağ, onun bütün ətraf kənd və şəhərlərində əsrlər boyu nəbati naxışlı xalı və xalçalarla bərabər, eyni zamanda dekorativ divar xalıları da toxunmuşdur. Dekorativ xalılar, əsasən Ağdam, Füzuli, Bərdə, Zəngilan, Laçın, Kəlbəcər və onların ayrı-ayrı kəndlərində o qədər sürətlə və rəngarəngliklə toxunmuşdur ki, bu da daha çox iri şəhərlərdə, o cümlədən, Şuşa, Lənkəran, Şəki XanSaraylarının divar bəzəklərində istifadə edilən rəsmlərin təsiri nəticəsində meydana gəlmişdir. 

Qarabağ sakinləri təkcə evlərinin döşəməsini deyil, onun divarlarını da bəzəməyə üstünlük vermişdilər. Məhz buna görə də, “Atlı-itli”, “Atlı-pişikli”, “Koroğlu” və s. mövzularda süjetli xalçalar meydana gəlmişdir. 

Azərbaycan incəsənətinin müxtəlif sahələrini, o cümlədən bədii daş oyma, bədii keramika, parça, xalça və zərgərlik məmulatlarını araşdırarkən onların üzərində Azərbaycan ərazisində əsrlər boyu mövcud olmuş yüzlərlə, minlərlə yangörünüşlü, öngörünüşlü stilizə olunmuş heyvan, quş, at, it, dovşan, pələng, şir, ceyran, cüyür, ilan, qurbağa, əjdaha və s.-lərin təsvirinə rast gəlirik. Bütün bu təsvirlərin hər birinin tarixi, etnoqrafiyası, etnoqrafik xüsusiyyətləri, mifologiyası mövcuddur ki, bunun üçün yəqin ki, təkcə eradan çox-çox əvvəl bu günə qədər Azərbaycan ərazisində yaşamış köklü və qeyri-köklü xalqların tarixi, həyat tərzi və dünyagörüşü haqqında məlumat əldə etmək mümkündür.