Həndəsi ornamentlər
Həndəsi motivlər Azərbaycan incəsənətinin ayrı-ayrı sahələrini, o cümlədən Qobustan, Gəmiqaya rəsmlərini, daş-oyma sənətini, bədii keramika, metalişləmə, zərgərlik, toxuculuğun ən çox yayıldığı xalçaçılıq sənətini əhatə etmişdir. Azərbaycanın ərazisində mövcud olan Manna, Midiya, Atropatena və Qafqaz Albaniyası kimi dövlətlərin incəsənətləri üçün səciyyəvi olan, hətta Tunc dövrünə (e.ə. III-II minilliklər) və daha sonrakı dövrə (e.ə. IX-IV əsrlər) aid daş, metal və keramika əşyalarının üzərində həkk olunan həndəsi ornament elementlərini bugünkü Azərbaycan xalçalarında görmək mümkündür. Bunlar arasında ən sadəsi və ehtimala görə ən ilki sınıq dalğalı xətlərdir. Bunlara Qazax, Xanlar və Naxçıvan ərazisində tapılmış yaşı 4,5 min ilə çatan saxsı qablar üzərində təsadüf olunur.




Həndəsi motivlər dedikdə kvadrat, dördbucaq, üçbucaq, romb, düz xətt, şaquli xətt, dalğalı xətt və s. nəzərdə tutulur. Ümumiyyətlə, dünya arxeoloqları “kvadrat” formalı naxışları yer kürəsi, yaşayış məskəni və əkinçiliklə əlaqələndirirlər. “Romb” formalı motiv isə dünya incəsənətində qadın simvolu hesab edilir.
Əslində, bu formaların hər ikisi eyni fiqurun variasiyalarıdır. Romb kvadratdır və kvadratın romba çevrilməsi mümkündür.